// Əslində suyun çatışmazlığı problemi yoxdur, düzgün idarə olunmaması problemi var
S
on onilliklərə qədər bəşəriyyət suyun haqqında TÜKƏNƏN
resurs kimi düşünmürdü. Biz əsrlərlə ondan məhz TÜKƏNMƏZ, bərpa olunan resurs
kimi istifadə etmişik. Axı su necə tükənə bilər?! İlk baxışdan bu, məntiqə zidd
görünür: Sudan istifadə edəndən sonra insan onu yenidən təbiətə qaytarır. Neftdən
fərqli olaraq, biz onu yandırmırıq. Su Yer planetini tərk etmir, qapalı sistemdə
dövrə vurur. Elə isə niyə azalmalıdır?! Bu düşüncə tərzi insanın su problemini bütün ciddiyyətilə dərk
etməsinə mane olur. Reallıqda vəziyyət başqadır. Məsələ ondadır ki, bəli, həqiqətən
də Yer Kürəsindəki suyun həcmi sabitdir, neftdən fərqli olaraq, işlətdikcə
azalmır. Amma bu resurs qeyri-bərabər paylandığından, ehtiyac olan yerlərdə əlçatanlığı
getdikcə azalır. Yer Kürəsinin əhalisi ildə 1,1 faiz, yəni 84 milyon nəfər
artır. Belə artımı təmin etmək üçün içməli su ehtiyatları ildə 60 milyon
kubmetr çoxalmalıdır. Bu, o qədər böyük həcmdir ki, biz işlətdiyimiz suyu təbiətə
qaytarsaq da, o, yenidən “həzm edib”, boşalan ehtiyatların yerini doldurmağa
macal tapmır. Məsələn, qrunt suları ildə cəmi 1% bərpa olunur. Nəticədə
ehtiyatlar getdikcə azalır.
Dünyada su istehlakının qlobal artım dinamikası. Mənbə: Global International Geosphere-Biosphere Programme (IGB)
Amma problem suyun təkcə azalması deyil, həm də çirklənməsidir.
Çaylar və göllər istifadəyə yaramayacaq dərəcədə çirklənəndə artıq içməli su
balansından çıxırlar. Nəticədə, əgər bu gün planetdə adambaşına ildə 750
kubmetr su düşürsə, 2050-ci ildə həmin göstərici 450 kubmetrə enəcək. Dünya əhalisinin
80%-i BMT-nin “su qıtlığı” kimi müəyyən etdiyi səviyyənin altında qalacaq. Su
ehtiyatları dünyada qeyri-bərabər paylandığından, müxtəlif bölgələr bunu fərqli
şəkildə hiss edəcəklər. Özbəkistanın Dövlətlərarası Əlaqələndirici Su Komissiyası
(DƏSK) Elmi İnformasiya Mərkəzinin Regional İnformasiya və Analitik şöbəsinin rəhbəri
Denis Sorokin xüsusi olaraq AzVision üçün yazdığı məqalədə qeyd edir ki,
əhalinin 70%-nin yaşadığı Avropa və Asiyada dünyanın çay suyu ehtiyatlarının cəmi
39%-i cəmləşib. Planetin əhalisinin demək olar ki, 20%-nin yaşadığı Avropada
şirin su ehtiyatları dünya üzrə ümumi su ehtiyatının yalnız 7%-ni təşkil edir.
Halbuki, dünyadakı bir sıra böyük çayların ətrafında praktik olaraq yaşayış
yoxdur. Su stressi Problemi təsvir etmək üçün “su stressi” terminindən istifadə
olunur. “Su stressi” deyəndə bir ölkə daxilində olan mənbələrin su verimi və
suya olan tələbatın nisbəti nəzərdə tutulur. Əgər suya olan tələbat su mənbələrinin
verimini üstələyirsə, deməli, ölkədə su stressi yaşanır. Azərbaycanda aparılmış tədqiqatlar 2040-cı ildə stress yaşayan ölkələrin sırasına daxil olacağımızı göstərir.
Dünyada su stressinin kəskinlik xəritəsi. Mənbə: “World Resources Inst.”
Problemin məhz regional miqyasda idrakı son dərəcə vacibdir.
Heç bir dövlət su problemini təkbaşına həll edə bilməz. Çünki ölkələrdən fərqli
olaraq, təbiətdə su dövranının sərhədləri yoxdur. Dünyanın böyük çayları heç də
bir dövlətin ərazisindən keçmir, müxtəlif ölkələrin ərazisindən axırlar. Nəticədə
əgər bir dövlətin su idarəetməsi yarıtmazdırsa, onun qonşuları da bunun əziyyətini
çəkir. Bu isə siyasi problemlərə, hətta konfliktlərə də gətirib çıxara bilər. Son 50 ildə artıq 500-dən çox “su qarşıdurması” baş verib;
bu gərginliklər 20 dəfə hərbi əməliyyatlara keçib. BMT-nin keçmiş baş katibi
Pan Gi Mun rəsmən etiraf edib ki, “Yaxın gələcəkdə şirin su regional müharibələrin
əsas səbəbinə çevrilməsi mümkündür”. Su çatışmazlığı səbəbindən 50 ölkədən üç milyard insan
silahlı toqquşma zonalarında yaşamağa məcbur qala bilər.
2022-ci ilin sentyabrında Qırğızıstanla Tacikistan arasında baş vermiş sərhəd konfliktinin əsas səbəblərindən biri məhz su uğrunda mübahisə idi
Bəs Xəzərətrafı ölkələrdə
bu sahədə vəziyyət necədir? Azərbaycan Güney Qafqazda ən ciddi su problemi Azərbaycandadır. Çünki
bura yağıntıların çoxu Atlantik okeanından gəlir. Nəticədə Azərbaycandan qərbdə
yerləşən Türkiyə və Gürcüstana daha çox yağıntılar düşür. Ekspertlər 2040-cı ilə qədər Azərbaycanın su ehtiyatlarının
15-20% azalacağını deyirlər.
AzVision.az mövzunu araşdırarkən gözlənilməz bir
fakt üzə çıxdı: biz su ehtiyatlarımızın nə qədər olduğunu dəqiq bilmirik! Milli Elmlər Akademiyasının Coğrafiya institutunun
direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovunsözlərinə görə, ölkənin su
ehtiyatları 1970-ci illərdə hesablanıb. Bu mövzuda yazılan axırıncı kitab
1985-ci ildə nəşr olunub: “Deməli, həmin materiallar 70-ci illərin sonları və
80-ci illərin əvvəllərinin məlumatlarıdır. Yenidən hesablamaq lazımdır,
komissiyalar yaradılmalıdır. Nəyəsə nəzarət etmək üçün əvvəlcə onu ölçmək
lazımdır. Amma biz hazırda nə qədər su ehtiyatımızın olduğunu dəqiq bilmirik”.
Zakir Eminov: "Şəhərlərdə hər sakinə sutkada təxminən 500 litr su tələb olunur"
Bu gün Mərkəzi Asiyada 75 milyondan çox insan yaşayır,
2050-ci ilə qədər bu rəqəm 100 milyon nəfəri keçəcək. Bölgədə ildən-ilə yay
daha isti keçir ki, bu da səhralaşma prosesini sürətləndirir. Bu amillər həm əhalinin,
həm də aqrar-sənaye kompleksinin su istehlakını artırmasına səbəb olur.
Qazaxıstan Mərkəzi Asiyada su probleminin ən kəskin olduğu ölkələrdən
biri Qazaxıstandır. 2040-cı ilə qədər bu ölkədə suya tələbat 46% artacaq. Su
ehtiyatlarının həcmi isə Dünya Bankının proqnozlarına görə, 2030-cu ilə qədər
ildə 90-dan 76 m³-ə qədər azalacaq. Bu o deməkdir ki, 8 ildən sonra ölkədə su
qıtlığı ildə təxminən 12-15 m³, yəni 15% təşkil edəcək. Qazaxıstan Respublikası Parlament Məclisi İctimai
Palatasının ekologiya üzrə eksperti, coğrafiya elmləri namizədi Ayjan Skakova"AzVision" üçün yazdığı məqalədə qeyd edir ki, Mərkəzi Asiyada su ehtiyatlarının
qıtlığı region ölkələrinin inkişafını məhdudlaşdıran əsas risklərdən biri hesab
olunur. Burada su istehlakının artması iqtisadiyyatın müxtəlif sektorları
arasında regional və yerli səviyyələrdə rəqabətə səbəb olur. Ərzaq və enerji təhlükəsizliyinin
təmin edilməsi zərurəti ilə əlaqədar bu ölkələrin suya ehtiyacı artacaq, nəticədə su uğrunda gərginlik yaşanacaq.
Sırdərya çayının suyu getdikcə azalır
Özbəkistan Özbəkistan su stressi keçirən ölkələrin siyahısında 34-cü
yerdə olmaqla, yüksək stress səviyyəsinə malikdir. Ekspertlərin fikrincə,
2030-cu ildə ölkədə içməli su qıtlığı 7 milyard kubmetrə çatacaq. Son 15 ildə
adambaşına düşən suyun həcmi 48% azalaraq, 3,048 kubmetrdən (2008) 1,589
kubmetrə enib.
Özbəkistanın su ehtiyatlarının yalnız 10%-i respublika ərazisində
formalaşır. Bu, qonşu ölkələrin ərazisindən gələn sudan böyük asılılıq deməkdir.
Son 50 ildə regionun iki əsas çayı – Sırdərya və Amudərya su həcmlərinin 20%-ni
itiriblər.
Özbəkistanın Dövlətlərarası Əlaqələndirici Su Komissiyası (DƏSK) Elmi
İnformasiya Mərkəzinin Regional İnformasiya və Analitik şöbəsinin rəhbəri Denis
Sorokin AzVision.az-a müsahibəsində deyib ki, ölkənin su ehtiyacları
hazırda 90% təmin olunur. Sululuğun yüksək olduğu illərdə respublikada 62-63
kub km.-ə qədər su istifadə edilir ki, bunun da 58-59 kub. km-i suvarmaya
gedir. Lakin suyun az olduğu illərdə ehtiyatlar 54 kub km.-ə, kəskin quraqlıq
illərində isə 47-48 kub. km-ə qədər azalır, suvarma üçün verilən suyun həcmi
42-44 km.-ə düşür. Son vaxtlar kəskin quraq illər tez-tez təkrarlanır.
Susuzluq - aclıqdır Məsələ ondadır ki, su təkcə insanların məişət ehtiyacına sərf
olunmur, onun çox böyük hissəsi kənd təsərrüfatına gedir. Mərkəzi Asiyada çay
hövzələrindən götürülən suyun 90%-dən çoxu əkinçiliyə sərf olunur. Heyvandarlıq
da su tutumu böyük olan sahədir. Tvente Universitetinin (Niderland) alimlərinin
hesablamalarına görə, 1 kq inək ətinin istehsalına 15 min litr su sərf olunur.
1 kq. donuz əti 6 min litr, 1 kq toyuq əti 4,3 min litr su hesabına başa gəlir.
Söhbət, əlbəttə, təkcə bu heyvanların içdiyi sudan getmir: Onların yediyi
qidaları da yetişdirmək lazımdır axı... Bitkilər də az su içmirlər: Paxlalıların və düyünün 1
kiloqramının istehsalına 4 min litr, buğdanın 1 kiloqramının istehsalına 1000
litr su lazımdır. Bir kiloqram kartof 100 litr su deməkdir. Cəmləsək, 1 hamburgerin istehsalına 2400 litr
su gedir.
Müxtəlif ərzaqların 1 kiloqramının istehsalına sərf olunan suyun həcmi, litrlə.
Buradan aydın olur ki, suyun qıtlığı təkcə susuzluq yox, həm
də aclıq deməkdir. Suya qənaət isə ilk növbədə özünü kənd təsərrüfatında göstərməlidir. Suyun əsas “düşməni” Su qıtlığının əsas səbəblərindən biri dünyada əhalinin
çoxalması fonunda ərzağa tələbatın durmadan artmasıdır. Su resurslarının təxminən
80%-i aqrar sahənin ehtiyacına sərf olunur. Kənd Təsərrüfatı nazirliyinin nəzdindəki Əkinçilik Elmi-Tədqiqat
institunun direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Qərib NovruzluAzVision.az-a müsahibəsində bildirib ki, bu sahədə infrastruktur köklü şəkildə
dəyişməlidir: “Mənbədən götürülən su əsasən torpaq kanallarla gedir. Tutaq ki,
A mənbəyindən B mənbəyinə bir kilometr məsafə var. Əgər su beton kanallarla gedərsə,
həmin məsafəni uzaqbaşı 15-20 dəqiqəyə qət edir. Amma torpaq ərazidə həmin su
bir həftəyə (!!! – red.) ancaq gedib lazım olan nöqtəyə çatır. O da əgər gur
olarsa...”
Qərib Novruzlu: "Su infrastrukturunda əsaslı dəyişikliklər olmalıdır"
Buradan çox vacib nəticə çıxır: Əgər su infrastrukturu əsaslı şəkildə yenilənməsə,
sahələrdə müasir texnologiyaların tətbiqi elə də böyük səmərə verməyəcək. Amma
torpaq kanallar betonlanandan sonra yeni metodların tətbiqi vəziyyəti tamamilə dəyişə bilər. Məsələn,
bir hektar taxıl sahəsini ənənəvi üsulla suvarmaq üçün 1200-1500 kubmetr - yəni
1500 ton su gedir. Damcı metodu ilə suvarılanda isə 30-50 ton su kifayət edir.
Arada 30 dəfəyə yaxın fərq var! Eyni problem Qazaxıstanda da mövcuddur. Bu ölkənin Parlament Məclisi
İctimai Palatasının ekologiya üzrə eksperti, coğrafiya elmləri namizədi Ayjan
Skakova AzVision.az-a müsahibəsində deyir ki, Respublikada suvarma sistemlərinin
səmərəliliyi 0,45-0,55-dən çox deyil. Buna görə suvarma suyunun, demək olar
ki, 50%-i itir. Özbəkistanda da həmin rəqəm 40 faizdən az deyil. Halbuki, aqrar
sektor Özbək iqtisadiyyatının aparıcı sahəsidir. Ölkə iqtisadiyyatının təxminən
30%-i bu sektorda formalaşır. Qazaxıstanda əkin sahələrinin yalnız 16%-i damcı suvarma
texnologiyalarından və çiləyicilərdən istifadə edir. Yəni suvarma suyunun böyük
hissəsi torpağa hopur. Ona görə də, suvarılan əkinçiliyə dövlət dəstəyi siyasətini
dəyişmək lazımdır. Yalnız suya qənaət edən texnologiyalarla işləyən fermerlərə dəstək
vermək lazımdır.
Kaktus bizim bölgə üçün ənənəvi qida ola bilərmi? "Yox" deməyə tələsməyin!..
Başqa hansı yollar var? Əslində yollar o qədər də çox deyil. Bizimlə həmsöhbət olan bütün ekspertlərin
dediklərini bir yerə toplayb, sistemləşdirəndə belə bir siyahı alındı: • Qənaət; • Çirkab suların təkrar emalı; • Duzlu suyun şirinləşdirilməsi; • Genetik texnologiyalarının köməyi ilə şoran torpaqlarda
dözümlü bitkilərin yetişdirilməsi. Belə bitkiləri duzlu su ilə suvarmaq olur və
şirin suya əhəmiyyətli miqdarda qənaət edilir; • Damcılı suvarma texnologiyasına kütləvi keçid; • Buzlaqların suya ehtiyac olan bölgələrə daşınması; • Dərin quyuların qazılması.
Bu üsulların hər birinin özünəməxsus üstün cəhətləri və çətinlikləri
var. Xəzər universitetinin “Coğrafiya və Ətraf mühit” kafedrasının müdiri,
coğrafiya elmləri üzrə fəlsəfə doktoru Rövşən AbbasovAzVision.az-a müsahibəsindəmaraqlı bir söhbəti xatırlayır: - Bu yaxınlarda bir meksikalı aqronom-professor məndən
soruşdu: “Nə əcəb, sizdə ərzaq üçün kaktus sahələri artırılmır?” O, Meksikada ərzaq
tələbatının böyük hissəsinin kaktusun hesabına ödənildiyini vurğuladı. Çünki bu
bitkinin suya tələbatı çox azdır. Mən kaktusun Azərbaycan üçün ənənəvi
olmadığını bildirəndə həmin professor vaxtilə pomidorun da, kartofun da
Meksikadan gətirildiyini və o zaman bunların da bizim üçün ənənəvi olmadığını
xatırlatdı.
Rövşən Abbasov:
Biz masamızın üzərində kaktusdan hazırlanmış təamlar görməyə
hazırıqmı? Cavab verməyə tələsməyək. Bütün hallarda, digər həmsöhbətimizin fikrincə, istər Azərbaycanda, istərsə də dünyanın əksər ölkələrində buğdanı əvəz
edə biləcək ikinci bir bitki yoxdur: “50-100 il sonra bəlkə də ola bilər, amma
hazırda qeyri-mümkündür”. Duzlu suyun şirinləşdirilməsinə gəlincə, Xəzər dənizinin
duzluluğu okeana nisbətən azdır. Bu isə o deməkdir ki, onun içməli hala gətirilməsi
daha az məsrfəli olacaq. Azərbaycanda bu istiqamətdə artıq addımlar atılır və
bu, ölkənin su, eyni zamanda, ərzaq təhlükəsizliyinə müsbət təsirini göstərəcək.
Amma geniş mənada nəzərə almaq lazımdır ki, bir litr suyun şirinləşdirilməsinə
2,5 dollar, yəni təxminən 5 manat vəsait xərclənir. Məişətdə bəzi vacib
ehtiyacları qarşılamağa yetsə də, əkinçilikdə bu metoda heç bir halda bel
bağlamaq olmaz. Çünki bir hektarın suvarılmasına 3000 dollar xərclənsə, oradan
götürülən məhsul fantastik qiymətə başa gələcək.
Qonşu, suyunuz gəlir? Su probleminin həllinin əsas yolu regional əməkdaşlıqdan
keçir. Məsələn, Gürcüstanda təkcə Kür çayı üzərində əlavə olaraq beş bəndin,
Ermənistanda isə yaxın 10 ildə kiçik çayların üzərində 120-yə yaxın bəndin
tikiləcəyi gözlənilir. Bütün bunlar Azərbaycanın su və ərzaq təhlükəsizliyinə
ciddi təsir edə bilər. İstər beynəlxalq konvensiyalar çərçivəsində, istərsə də
birbaşa danışıqlar aparılmalıdır ki, Kür çayı hövzəsində su daha ədalətli
bölünsün. Transsərhəd çaylarının idarə olunması üzrə beynəlxalq konvensiya var.
Bu sənəd transsərhəd çaylarının ekoloji sistemi, onların axınının qorunması və
suyunun ölkələr arasında bərabər şəkildə bölünməsi kimi məsələləri nəzərdə
tutur.
Transsərhəd çaylarınından istifadə edərkən qonşu ölkələrin maraqlarını nəzərə almaq vacibdir
Bakı da daxil olmaqla, Abşeron yarımadasının tələbatının
böyük hissəsi Samur çayının hesabına ödənilir. Amma hazırda həm Samur hövzəsindəki buzlaqlar əriyib, çayın suyu təbii şəkildə azalıb, həm də suya olan tələbat
artıb. Nəticədə mövcud müqavilələr çərçivəsində Azərbaycana Samur çayından daha
az suyun gəlməsi gözlənilir. Belə halda müqavilələrə yenidən baxmağa ehtiyac
yarana bilər. Xəzər hövzəsi həm Azərbaycan, həm də Qazaxıstan tərəfdən ildə
70 santimetr daralır. Bu proses həm də Ural çayında suyun azalması ilə əlaqədardır.
Uralın yuxarı axınında suyun böyük hissəsini götürən və tutumu 4,9 milyon
kubmetr olan 300 su anbarı var. Əvvəllər çayda suyun orta həcmi 9,4 milyard
kubmetr təşkil edirdisə, indi 5,7 milyard kubmetrə düşüb. Hazırda çayın
dayazlaşmasının qarşısını almaq üçün Qazaxıstan Rusiya ilə birgə layihələr həyata
keçiririr. Bütün bunlar o deməkdir ki, su stressindən və onun yarada
biləcəyi problemlərdən xilas olmaq üçün regional əməkdaşlıq, ölkələrin su idarəçiliyi
sistemlərinin inteqrasiyası bir nömrəli şərtdir.
Aral dənizinin taleyi sübut edir ki, su problemi ilə heç kim təkbaşına bacara bilməz
Son vaxtlar Mərkəzi Asiya ölkələri bu istiqamətdə əməkdaşlığa
can atırlar. 2023-cü ilin əvvəlində Özbəkistan, Qazaxıstan və Qırğızıstan Narın
çayı üzərində su elektrik stansiyasının tikintisinə dair razılığa gəliblər.
Regionda Dövlətlərarası Əlaqələndirici Su Komissiyası (ICWC) da fəaliyyət göstərir,
lakin bu təşkilatın təsir rıçaqları yoxdur və səlahiyyətləri azdır. Aral dənizi
hövzəsi ölkələrində Su Ehtiyatlarının İnteqrasiya Olunmuş İdarəsi (SEİOİ)
yaradılıb. Amma bunlar kifayət deyil və daha ciddi koordinasiyaya ehtiyac var. Maye məntiq Ədalət prinsipi əsas götürülsə, regionlardakı su
ehtiyatlarının bütün tərəflərin maraqları nəzərə alınaraq, bərabər paylanılması
lazımdır. Amma bunu etmək o qədər də asan deyil. Məsələ ondadır ki, enerji
resurslarının - neftin, qazın, kömürün qiyməti var, su isə pulsuzdur. Bu yanaşma
suyu bol olan respublikaları qane etmir. Onların ritorikasına görə, kimsə təbiətin
verdiyi nefti pulla satırsa, elə həmin təbiətin verdiyi su niyə pulsuz
olmalıdır? Əlbəttə, bu ritorikanın mənasız olduğunu göstərən onlarla
arqument gətirmək mümkündür. Amma hər şeydən əvvəl anlamaq lazımdır: problem
suyun olmaması deyil. Problem onun düzgün idarə olunmamasıdır. Bu problemi yalnız birlikdə həll etmək mümkündür.
Alternativ
variant suyun uğrunda döyüşməkdir. Başqa sözlə, alternativ variant yoxdur. Biz
su ehtiyatlarının birlikdə idarə olunmasını öyrənməliyik, vəssalam.
18 Oktyabr 2023
Oxunub: 18087
Oxunma vaxtı: 20 dəq.